Ötən il Qazaxıstanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv ölkələrlə ticarət dövriyyəsi 78 milyard ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Beynəlxalq Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov Bakıda keçirilən AQEM Biznes Şurasının 8-ci plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın biznes icması AQEM ölkələrinin biznesi ilə energetika, yeni enerji mənbələri, sənaye, kənd təsərrüfatı, logistika, tibb, təhsil, İT, turizm və iqtisadiyyatın digər sektorlarında fəal əməkdaşlıq edir.
"Ticarət əlaqələrimiz daim inkişaf edir, ixrac və idxal həcmləri artır, birgə sahibkarlıq layihələri həyata keçirilir. Ölkələrimiz əhəmiyyətli təbii sərvətlərə, strateji ərazi üstünlüklərinə və yüksək texnoloji potensiala malikdir ki, bu da bizə sənaye əməkdaşlığı məhsullarını qlobal bazarlara çıxarmaq üçün geniş imkanlar təklif etməyə şərait yaradır", - M.Karimsakov bildirib.