Moldova Azərbaycan şirkətlərinin külək və günəş elektrik stansiyalarının tikintisi üzrə tenderlərdə iştirak üçün cəlb edilməsində maraqlıdır və onları dəvət edir.
Bunu “Report”a müsahibəsində Moldova Respublikasının energetika naziri Dorin Junqiyetu bildirib.
Nazir qeyd edib ki, Moldova hökuməti mənşə ölkəsindən asılı olmayaraq xarici investorların iştirakını alqışlayır.
D.Junqiyetu bildirib ki, Moldovada bərpa olunan enerji mənbələri (BOEM) sektorunda investorlara dəstək məqsədilə istehsal edilən elektrik enerjisinin zəmanətli alışını təmin edən və investisiyaların qaytarılmasına kömək edən üç əsas mexanizm mövcuddur. Birincisi, 2024-cü il yanvarın 1-dən etibarən əvvəlki "net metering" modelini əvəz edən "net billing" sistemi şəxsi istehlak üçün enerji istehsal edən kiçik istehsalçılara münasibətdə tətbiq olunur. İkincisi, 15 il müddətinə sabit tarif hərracda iştirak etmədən 1 MVt-a qədər (günəş enerjisi istehsalı üçün) və ya 4 MVt-a qədər (külək enerjisi istehsalı üçün) gücə malik olan layihələrə şamil olunur. Üçüncüsü, hərrac vasitəsilə paylaşdırılan 15 il müddətinə sabit qiymət gücü 1 MVt-dan (günəş) və ya 4 MVt-dan (külək) yuxarı olan layihələrə tətbiq olunur.
“Əlavə olaraq şirkətlər müsabiqə prosedurlarında iştirak etmədən sərbəst bazar şərtləri ilə layihələr həyata keçirə bilərlər. Biz bütün investorlar üçün şəffaf və proqnozlaşdırıla bilən şərtləri təmin etməyə çalışır və Azərbaycan biznesinin Moldovanın enerji transformasiyasının fəal hissəsinə çevriləcəyinə ümid edirik”, - nazir deyib.
Onun sözlərinə görə, hazırda biz ümumi qoyuluş gücü 165 MVt olan külək və günəş elektrik stansiyalarının tikintisi üzrə ilk tenderin nəticələrinin qiymətləndirilməsini başa çatdırırıq.
“Payızda həm bərpa olunan enerji mənbələri hesabına əlavə generasiya güclərinin, həm də enerji saxlanc sistemlərinin quraşdırılmasını əhatə edəcək yeni hibrid tenderin keçirilməsi planlaşdırılır. Hazırda Energetika Nazirliyinin mütəxəssisləri enerji sisteminin ehtiyaclarını təhlil edir və gələcək müsabiqə üçün texniki parametrləri hazırlayırlar. Bundan başqa, elektrik enerjisinin ötürülməsi sisteminin operatoru olan “Moldelectrica” şirkəti bu il enerji sisteminin balanslaşdırılması xidmətləri üzrə ayrıca tender keçirəcək”, - D. Junqiyetu əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.