Çexiya Azərbaycanın qalıq yanacaqlardan asılılığı azaltmaq və enerji balansını şaxələndirmək üçün göstərdiyi fəal səyləri nəzərə alaraq, onu bərpa olunan enerji sahəsində perspektivli tərəfdaş kimi qiymətləndirir.
Bunu “Report”a müsahibəsində Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Enerji bölməsi üzrə baş direktorunun müavini Petr Binhak deyib.
“Günəş, külək və su enerjisinin inkişafı üçün əlverişli təbii şərait, həmçinin hökumətin 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq istəyi Çexiyada müsbət qiymətləndirilir”, - o bildirib.
P.Binhakın sözlərinə görə, Çexiya şirkətləri layihələndirmə, mühəndislik, ixtisaslaşdırılmış avadanlıqların tədarükü sahələrində böyük təcrübəyə malikdir. Azərbaycanın normativ-hüquqi bazasının təkmilləşdirilməsi və xarici investisiyalara açıqlığı onu Çexiyanın bazar iştirakçıları üçün daha da cəlbedici edir.
O vurğulayıb ki, Çexiya Avropada "yaşıl keçid"in təşviqində Azərbaycanla fəal şəkildə əməkdaşlıq edir və bu əməkdaşlıq bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və "yaşıl texnologiyalar"ı əhatə edən bir neçə strateji səviyyədə inkişaf edir.
“2021-ci ildə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bu saziş ənənəvi karbohidrogen resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrini, həm yaşayış sektorunda, həm də iri sənaye obyektlərində enerji səmərəliliyini və enerji qənaətini əhatə edir. Saziş təcrübə mübadiləsini, birgə seminarların təşkilini və təlim proqramlarının həyata keçirilməsini, həmçinin enerji əməkdaşlığı sahəsində təşəbbüslərin əlaqələndirilməsi üçün Birgə İşçi Qrupun yaradılmasını nəzərdə tutur. Bu istiqamətlər 2024-cü ilin aprelində xarici işlər nazirləri səviyyəsində əlavə olaraq nəzərdən keçirilib və "yaşıl" və bərpa olunan enerji sahələrində əməkdaşlıq potensialı müzakirə edilib”, - baş direktorun müavini əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.