Selim Güven: “ACWA Power” Azərbaycanın iştirakı ilə transsərhəd "yaşıl enerji" layihələrində maraqlıdır” - MÜSAHİBƏ

Selim Güven: “ACWA Power” Azərbaycanın iştirakı ilə transsərhəd "yaşıl enerji" layihələrində maraqlıdır” - MÜSAHİBƏ 111
Energetika
4 iyun 2025 12:14
Selim Güven: “ACWA Power” Azərbaycanın iştirakı ilə transsərhəd yaşıl enerji layihələrində maraqlıdır” - MÜSAHİBƏ

Bərpa olunan enerji sahəsində ən böyük beynəlxalq investorlardan biri olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti Azərbaycan və Mərkəzi Asiya ölkələrində “yaşıl enerji”nin inkişafında mühüm rol oynayır. “ACWA Power” 2020-ci ildən etibarən Azərbaycanda külək enerjisi və su təchizatı sahələrində fəal şəkildə layihələr həyata keçirir, həmçinin regionu Avropa ilə əlaqələndirən beynəlxalq “yaşıl enerji” dəhlizlərində iştirak imkanlarını nəzərdən keçirir.

“ACWA Power”in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven 30-cu Bakı Enerji Forumu çərçivəsində “Report”a müsahibəsində şirkətin strateji prioritetləri, əsas layihələri, həmçinin təmiz enerjinin ötürülməsi üzrə transregional təşəbbüslərdə iştirakı barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- “ACWA Power” Mərkəzi Asiya və Avropa arasında "Yaşıl enerji dəhlizi" layihəsinin həyata keçirilməsi istiqamətində hansı konkret addımlar atır? Şirkət layihədə necə iştirak edir - investor kimi yoxsa başqa bir rolda? "ACWA Power” layihənin həyata keçirilməsi çərçivəsində hökumətlər və ya tərəfdaşlarla danışıqlarda maraqlıdırmı?

- “ACWA Power” Mərkəzi Asiyada, xüsusilə Özbəkistan və Azərbaycanda fəal işləyir. Özbəkistanda böyük investisiyalarımız, Azərbaycanda isə genişlənən portfelimiz var. Biz Azərbaycanda, o cümlədən Naxçıvanda həm quru, həm də dəniz külək və günəş layihələrinin daha da inkişaf etdirilməsində maraqlıyıq, həmçinin Türkiyədə yeni imkanları araşdırırıq.

Biz regional enerji əlaqələrini regionun zəngin təbii resurslarından təkcə daxili istehlak üçün deyil, həm də yüksək tələbin olduğu bazarlara - istər Avropaya, istərsə də dayanıqlı təmiz enerji mənbələrində maraqlı olan digər dövlətlərə ixrac üçün əlavə imkan kimi nəzərdən keçiririk.

Bizim üçün bu cür transsərhəd layihələr təkcə investisiya imkanı deyil, həm də dövlət səviyyəsində ən vacib təşəbbüslərdir. Biz belə layihələrin inkişafını diqqətlə izləyirik, iştirakda maraqlıyıq və regionun enerji potensialının tam üzə çıxarılmasına töhfə verərək onların həyata keçirilməsinə kömək etməyə hazırıq.

- “ACWA Power” hazırda Azərbaycanda hansı layihələrə investisiya yatırıb? Ölkədəki layihə portfelinin genişləndirilməsi planlaşdırılırmı?

- “ACWA Power” Azərbaycanda fəaliyyətə 2020-ci ildə başlayıb. Biz dövlət qurumları ilə dayanıqlı enerji portfelinin formalaşdırılması üzərində işləyirik. 2024-cü ildə biz 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə başladıq - bu, Azərbaycanda özəl developer tərəfindən həyata keçirilən ilk və ən böyük külək enerjisi layihəsidir. O, 300 minə yaxın ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək və ildə təxminən 400 min ton CO₂ emissiyasının qarşısını alacaq. Tikinti işlərinin 2025-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir.

Bundan əlavə, gündə 300 min kubmetr gücündə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin həyata keçirilməsi üçün də biz seçilmişik. Danışıqların uğurla başa çatacağı və müqavilənin imzalanacağı halıda biz dərhal tikintiyə başlamağa hazırıq. Layihənin 2028-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.

Biz həmçinin əlavə külək qurğularından və batareya enerji saxlanc sistemlərindən tutmuş perspektivli dəniz külək enerjisi layihələrinə və həm Türkiyə istiqamətində, həm də Qara dəniz vasitəsilə Avropaya regionlararası enerji xətlərinə qədər yeni istiqamətləri fəal şəkildə araşdırırıq.

- “ACWA Power” dekarbonizasiya sahəsində hansı təşəbbüsləri həyata keçirir? Azərbaycanda karbon-neytral həllərin tətbiqi planlaşdırılırmı?

- “ACWA Power” "yaşıl keçid" şirkətidir. Biz günəş və külək enerjisi sahəsində layihələr hazırlayır, dekarbonizasiya həllərinin təşviqində fəal iştirak edirik. Prioritetlərimiz arasında hidrogen enerjisinin, xüsusilə də emissiyaların digər metodlarla azaldılmasının çətin olduğu sahələr üçün böyük əhəmiyyət kəsb edən "yaşıl hidrogen"in inkişafı yer alır.

Bundan əlavə, biz çevik və keçid yanacaq növlərini nəzərdən keçiririk. Hazırda portfelimizin təxminən 50 %-i karbon-neytral və bərpa olunan enerji mənbələrinin payına düşür. 2030-cu ilə qədər bu payı 80 %-ə çatdırmağı planlaşdırırıq.

Son xəbərlər

Orphus sistemi
OSZAR »