Maliyyə Nazirliyi tərəfindən keçirilən depozit hərracları büdcə vəsaitlərinin səmərəli istifadəsinə və dövlət üçün əlavə gəlirin formalaşmasına kömək edir.
“Report” xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov Bakıda keçirilən Maliyyə-İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən Maliyyə Nazirliyi maliyyə bazarında bir sıra yeniliklər tətbiq edib.
"İlin əvvəlindən biz dövlət büdcəsinin müvəqqəti sərbəst pul vəsaitlərini hərraclar vasitəsilə depozit şəklində banklarda yerləşdirməyə başlamışıq. Artıq üç belə hərrac keçirilib. Bu mexanizm bir tərəfdən büdcə resurslarının səmərəli istifadəsini təmin edir və əlavə gəlir gətirir, digər tərəfdən isə bank sektorunun likvidliyini dəstəkləyir ki, bu da ümumilikdə ölkənin maliyyə sisteminin inkişafına kömək edir", - A.Mursaqulov qeyd edib.
O, həmçinin vurğulayıb ki, investorların dövlət istiqrazlarına marağını yüksəltmək, etimadı gücləndirmək və şəffaflığı artırmaq məqsədilə ilin əvvəlindən Maliyyə Nazirliyi dövlət qiymətli kağızları, o cümlədən dövlət borcunun strukturu və məzmunu, ödəniş müddətləri və valyuta tərkibi haqqında ətraflı məlumatları mütəmadi olaraq öz rəsmi saytında dərc edir.
"Əminik ki, bu cür şəffaflıq investorlara bazara çıxarkən daha ölçülüb-biçilmiş və əsaslandırılmış qərarlar qəbul etməyə kömək edəcək", - A.Mursaqulov əlavə edib.