Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana nəqliyyat sektorunun inkişafında məsləhətlərdən özəl investisiyaların cəlb edilməsinə qədər hərtərəfli dəstək göstərmək imkanlarını nəzərdən keçirir.
Bunu “Report”a müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin nəqliyyat sahəsində müasir normativ-hüquqi, institusional və siyasi baza formalaşdırmaq üçün apardığı islahatlar fonunda IFC istehsal-satış zəncirinin bütün mərhələlərinə qoşulmağa hazırdır.
Əsas istiqamətlərdən biri infrastruktur layihələrinin həyata keçirilməsi üçün özəl kapitalın cəlb edilməsinə yardım ola bilər.
İ.Duarte qeyd edib ki, hazırda ölkənin ümumi enerjisinin təqribən 22,6 %-ni istehlak edən nəqliyyat sektorunda IFC elektrik nəqliyyat vasitələri üçün yükləmə infrastrukturunun maliyyələşdirilməsini və ictimai nəqliyyatın modernləşdirilməsini, o cümlədən avtobus parkının yenilənməsini nəzərdən keçirir və bu proses artıq uğurla davam etdirilir.
O bildirib ki, hökumətin elektromobillər üçün vergi güzəştləri ilə bağlı addımları da müsbət qiymətləndirilir: "Eyni zamanda, yanacaq səmərəliliyi standartlarının artırılması, köhnə vaqonların dəyişdirilməsinin stimullaşdırılması və yük daşımalarının optimallaşdırılması da vacib olaraq qalır".
İ.Duarte vurğulayıb ki, IFC həmçinin Azərbaycanın enerji layihələrində iştirak etməkdə maraqlıdır: “Korporasiya Azərbaycanın əhəmiyyətli potensiala malik bərpa olunan enerji mənbələrinin inkişafı üzrə səylərini dəstəkləmək niyyətindədir. Ölkənin texniki potensialı təxminən 23 qiqavat günəş enerjisi və 157 qiqavata qədər dəniz külək enerjisidir”.
“Qara dəniz sualtı kabeli və “Yaşıl Enerji Dəhlizi” layihəsi kimi iri regional infrastruktura investisiyalar Azərbaycana öz ixrac potensialını açmağa və qlobal “yaşıl enerji” bazarında mühüm yer tutmağa imkan verəcək”, - o bildirib.
İ.Duarte vurğulayıb ki, IFC beynəlxalq nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirir: “Xüsusilə, korporasiya Çini Mərkəzi Asiya, Xəzər və Qafqaz vasitəsilə Avropa ilə birləşdirən və Cənubi Qafqazdan keçən Orta Dəhliz layihələrində iştirak imkanlarını nəzərdən keçirir”.
“Azərbaycanın Orta Dəhliz daxilində strateji mövqedə yerləşməsi, artan yükdaşıma həcmləri və hökumətin artan tələbatı ödəmək üçün dəmir yolu infrastrukturunun modernləşdirilməsi planlarını nəzərə alaraq, biz vaqon daşıma operatorları üçün daşıma heyətinin yenilənməsinə sərmayə qoymağı düşünürük ki, bu da nəqliyyat marşrutlarının dayanıqlığını və səmərəliliyini artıracaq”, - IFC-nin regional meneceri qeyd edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.